Elxan Süleymanov konqresmen Adam Şiffə məktub göndərib

ABŞ senatının nümayəndələr palatasının üzvü

konqresmen cənab Adam Şiffə
 

Cənab
Şiff,
 
Siz bu günlərdə Ermənistanın “Asbarez”
qəzetinin baş redaktoru Ara Xaçatryanın “Horizon live” verilişinə verdiyiniz müsahibənizdə AŞPA-nın
qış sessiyasında Azərbaycanla bağlı müzakirə edilmiş qətnamələrə münasibət
bildirərkən, onların Azərbaycanı dəstəkləyən birtərəfli qətnamə olduqlarını
vurğulayırsınız. Britaniyalı deputat Robert Volterin hazırladığı “Azərbaycanın Dağlıq
Qarabağ və digər işğal olunmuş ərazilərində
zorakılığın artması” adlı qətnaməni destruktiv adlandıraraq,
onun təsdiq olunmamasında sizin və  ABŞ dövlət katibinin
Avropa və Avrasiya üzrə köməkçisi xanım Viktoriya Nulandın
xüsusi rolunun olduğunu bildirirsiniz, su ilə bağlı qətnamənin isə
təsdiqləndiyini ifadə edirsiz.
Etiraf edim ki, müsahibə zamanı sizin
səsləndirdiyiniz fikirlər məni heç də təəcübləndirmədi, sadəcə olaraq müəyyən  suallar yaradır. Qəbul edilən bu qətnaməyə “su
ilə bağlı hansısa qətnamə” kimi yanaşmaqla görünür özünüzə təsəlli tapırsınız.
Əvvəla siz çox yaxşı bilirsiniz ki, AŞPA-nın qış
sessiyasında qəbul olunan 2085 (2016) saylı qətnamə heç də yalnız su ilə bağlı deyil. AŞPA bu qətnaməni
qəbul etməklə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti
tərəfindən işğal edilməsi və indiyədək işğal altında saxlanmasını vurğulayır,
Ermənistanın silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsini tələb
edir, Ermənistanın sudan silah kimi istifadə etməsini “ekoloji təcavüz” hesab
edir, Sərsəng su anbarının səbəb olacağı humanitar fəlakətin, Azərbaycanın cəbhəyanı
bölgəsindəki 6 rayonun 400 mindən çox sakininin bu fəlakətin qurbanına çevrilməsinin
məsuliyyətini birmənalı şəkildə Ermənistan dövlətinin üzərinə qoyur, bundan
sonra Ermənistanın danışıqlarda Dağlıq Qarabağı tərəf kimi təqdim etməsini
mümkünsüz edir.
Sizi  BMT TŞ-nın (822, 853,
874 və 884 saylı), Avropa Parlamentinin, ATƏT PA qətnamələrini, AŞPA-nın 1416 (2005) saylı və 2085
(2016) saylı qətnamələrini bir daha oxumağa çağırıram. Sizin su ilə bağlı sənəd
kimi qiymətləndirdiyiniz AŞPA qətnaməsi 23
il ərzində ilk dəfə olaraq, beynəlxalq təşkilatlarda (İƏT istisna olmaqla) qəbul
olunmuş bütün qətnamələrdən fərqli olaraq, Azərbaycan torpaqlarının erməni
silahlı qüvvələri və separatçılar tərəfindən deyil, məhz Ermənistan dövləti tərəfindən
işğal edilməsini açıq-aşkar təsdiqləyir və Ermənistan silahlı qüvvələrinin
işğal zonasından qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Bundan
sonra təsəllinizin əbəs olduğunu görəcəksiniz!
Sizin
Azərbaycan torpaqlarının Ermənistan dövləti tərəfindən işğal edilməsi barədə qətnamənin
qəbuluna qarşı çıxmağınızı da anlayıram. Çünki bu mövqeyiniz  1992-ci ildən başlayan qərəz və təxribatlarınızın
davamı idi.
Xatırladıram
ki, ABŞ dövlət katibinin köməkçisinin, həmçinin
ATƏT-in Misk Qrupu həmsədrlərinin, Avropa Şurasına üzv dövlətlərinin böyük əksəriyyətinin
hakimiyyət nümayəndələrinin ciddi səylərinə baxmayaraq, AŞPA-nın 2085
(2016) saylı qətnaməsi bütün (İslam Əməkdaşlıq Təşkilatı istisna olmaqla) beynəlxalq
təşkilatların yalanlarını ifşa etdi.
 
 
Elxan
Süleymanov
Azərbaycan
parlamentinin deputatı,
AŞPA-nın üzvü