Layihə haqqında

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn layihənin icrasına başlamışdır.

1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilmiş, 125 metr hündürlüyündə bəndə və 560 mln.m3 su tutumuna malik olan Sərsəng su anbarı 1992-ci ildən Ermənistanın işğalı altında qalıb və texniki qurğuların baxımsızlığı nəticəsində hazırda qəza vəziyyətindədir. Bunları nəzərə alaraq, biz dünya ictimaiyyətinin diqqətini Azərbaycanın işğal edilməmiş ətraf rayonlarının əhalisi üçün həyati əhəmiyyətə malik Sərsəng su anbarının işğal nəticəsində baxımsızlıqdan təhlükəli vəziyyətə düşməsinə və hər an dağılma ehtimalına yönəltmək istəyirik.

Layihənin icrası nəticəsində beynəlxalq ictimaiyyətin işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozulmaqla Ermənistan tərəfindən qeyri-qanuni blokada edilməsini kəskin şəkildə pisləməsinə nail olmaq, beynəlxalq təşkilatları Ermənistanı su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə məcbur etməyə nail olmaqdır.

Biz bu layihə vasitəsilə Ermənistan tərəfindən hər hansı hərbi təxribat planlarının qarşısını almaq və cari şərtlərdə kütləvi insan itkilərinə səbəb olacaq hər hansı qəza və ya təbii fəlakətə hazır olmaq məqsədilə beynəlxalq ictimaiyyəti dərhal tədbir görməyə çağırırıq.

Layihənin icrası Sərsəng su anbarında hər hansı təxribat və ya qəza nəticəsində ətraf ərazilərdən yaşayan insanların, həyatına, səhhətinə, əmlakına, dövlət və biznes qurumlarının mülkiyyətinə dəyəcək zərərin hesablanması, Sərsəng su anbarının texniki vəziyyətinin qiymətləndirilməsi məqsədilə beynəlxalq ekspert qrupunun yaradılmasını, bölgəyə səfərini, hesabatların hazırlanması və bir neçə dildə nəşrini, Sərsəng su anbarının qəza təhlükəsi riskinin kompüter modelinin yaradılmasını, Azərbaycanda, xarici ölkələrdə, beynəlxalq təşkilatlarda Ermənistan əleyhinə Sərsəng su anbarı ilə bağlı qərar qəbul edilməsi üzrə məlumatlandırma fəaliyyətini, o cümlədən konfransları, xarici mətbuatda nəşrləri və görüşlərin keçirilməsini nəzərdə tutur.