“Sərsəng SOS: Humanitar Böhran Təhdidi” kitabı təqdim edildi

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Sərsəng harayı” layihəsi çərçivəsində hazırladığı növbəti 3 dildə ( Azərbaycan, ingilis, fransız) olan –“Sərsəng SOS: Humanitar Böhran Təhdidi” adlı kitabının təqdimat mərasimi keçirildi.

Tədbirdə kitabın üç dildə çap olunmasında məqsədin kitabda qeyd olunan ekoloji fəlakət nəticəsində yaşanacaq faciənin fəsadları ilə bağlı məlumatları dünya ictimaiyyətinə geniş şəkildə çatdırmaqdan ibarət olduğu diqqətə çatdırıldı.

İnsan Hüquqları XXI Əsr Fondunun sədri Şahin Camalov açıqlamasında Sərsəng su anbarının işğal olunması nəticəsində Dağlıq Qarabağ və onun bitişik ətraf rayonlar ekoloji təhlükə qarşısında qalmasından danışdı: “ Ərazi 20 ildən artıqdır ki, Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olduğundan cəbhəyanı rayonlarda yaşayan əhali Sərsəng su anbarında istifadə etmək üçün imkanlarından məhrum edilmişdir. Həmçinin sözügedən su anbarına, onun qurğularına və bəndinə texniki xidmət göstərilmədiyi üçün anbar qəzalı vəziyyətə düşmüşdür. Bas verə biləcək qəza işğalı olunmuş ərazilər ilə yanaşı 6 qonşu rayonda da humanitar böhrana səbəb ola bilər. Bu isə insanların həyatına, səhhətinə, əmlakına zərər vurulmasına və digər hüquqlarının pozulmasına, habelə, regionda olan digər canlıların məhvinə gətirib çıxara bilər”. 

Qeyd edək ki, kitab Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının yaratdığı 3 nəfərdən ibarət İşçi Qrupunun işğal olunmuş ərazilər ilə yanaşı ekoloji fəlakətin yaşana biləcəyi qonşuluqda yerləşən 6 rayonda (Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Göranboy, Yevlax) aparılmış araşdırmaları əsasında, real faktlara söykənərək hazırlanıb. Kitabda Ermənistanın işğal altında olan Sərsəng su anbarının təsir dairəsinə düşən rayonlarda beynəlxalq və milli qanunvericilik aktlarında təsbit edilmiş insan hüquq və azadlıqlarının vəziyyətinə dair hesabat öz əksini tapmışdır. 

www.kaspi.az