Sərsəng su anbarının bəndinin dağılma təhlükəsi

Hazırda işğal altında olan Ağdərə rayonunun ərazisində yerləşən Sərsəng su anbarı 1976-cı ildə Tərtər çayı üzərində inşa edilmişdir. Anbarın ümumi həcmi 560 mln m³, faydalı həcmi 500 mln m³, ölü həcmi isə 60 mln m³-dir. Anbarın normal dolma səviyyəsi 726 m, daşqın suları axıdan zaman maksimum dolma səviyyəsi 728,5 m, ölü həcmin səviyyəsi 662 m, normal dolma səviyyəsində su anbarının uzunluğu 11,75 km, eni 1,75 km, normal səviyyədə suyun dərinliyi 103 m-dir. Normal səviyyədə su güzgüsünün sahəsi 1346 ha, ölü həcmin səviyyəsində su güzgüsünün sahəsi 270 ha-dır. Sahil xəttinin uzunluğu 50,25 km-dir. Anbarın bəndinin hündürlüyü 125 m, uzunluğu 555,1 m, üstdən eni isə 10,2 m-dir.

 

Həmçinin anbarda hər birinin gücü 50 mqvt olan 2 ədəd turbindən ibarət Su Elektrik Stansiyası mövcuddur. Hər bir turbinin su buraxma qabiliyyəti 30 m³/san olmaqla SES-dən cəmi 60 m³ su buraxıla bilər. Bundan əlavə suvarma məqsədilə çaya su buraxmaq üçün SES işləmədiyi hallarda anbarın bəndində 6 ədəd siyirtmə quraşdırılmışdır. Bu siyirtmələr vasitəsilə hər biri 5 m³/san olmaqla Tərtər çayına cəmi 30 m³/san su buraxmaq olur. Eləcə də su anbarı dolduğu hallarda qəza sutullayıcısı vasitəsilə 740 m³/san miqdarında daşqın suları Tərtər çayına axıtmaq nəzərdə tutulmuşdur.

Qeyd etmək lazımdır ki, Sərsəng respublikada bəndinin hündürlüyünə görə ən yüksək su anbarıdır. Sərsəng su anbarı ərazilərin işğalından öncə respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Ərazilərin işğalından sonra anbarın suyunun istifadəsinin mümkün olmaması nəticəsində kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəz olunmaz zərər vurmuşdur.

Hazırda anbara və onun qurğularına uzun müddətdir ki, kompleks texniki xidmət göstərilmədiyi üçün anbarın texniki təhlükəsizlik baxımından qənaətbəxş olmadığı ehtimal olunur. Sərsəng su anbarı işğal olunmuş ərazidə yerləşdiyindən onun bəndinin qəza və ya təxribat nəticəsində dağılması anbardan aşağıda yerləşən yaşayış məntəqələri üçün ciddi təhlükə yaradır.

Tərtər rayonunun bir çox kəndləri (Çaylı, Seydimli, Hacıqərvənd, Zolkəran, Düyərlı, Sarıcalı, Ələsgərli, Bayandur, Buruc, İrəvanlı, Güləbatlı, Hacallı, Yenidaşkənd, Qapanlı, Şatırlı, Qasımbəyli, Zümürxaç, İmamqulubəyli, Dilənçilər, Muğanlı) tam olaraq, bir neçəsi isə (Şıxarx qəsəbəsi, Madağız, Həsənqaya, Səhləbad, Körpüsındıran, Qazaxlar, Soyulan, Darğalar, Nəzirli) qismən suyun altında qala bilər.